Əsas məzmuna keç (Enter düyməsini basın)

Məxfilik Siyasəti

 

  1. Giriş

“Toyota Caucasus” MMC (“TCA”, “Şirkət”, “biz”, “bizim”) Sizin məxfiliyinizə hörmətlə yanaşır və fərdi məlumatlarınızın Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununun (“Fərdi məlumatlar haqqında Qanun”) müddəalarına uyğun olaraq ədalətli və şəffaf şəkildə işlənməsi və qorunması öhdəliyini öz üzərinə götürür. Sizin fərdi məlumatlarınız və bütün əlaqəli məlumatlar Sizə məxsusdur və biz bu hüququ tanıyır və hörmət edirik.

www.toyota.az internet səhifəsinə (“Vebsayt”) daxil olmaq və/və ya onlayn xidmətlərimizdən (qeydiyyat, test-sürüş və xidmətlər üçün müraciət, reklam bildirişlərinə abunəlik və s.) istifadə etmək fərdi məlumatların toplanılması və işlənilməsi ilə nəticələndiyi üçün, biz bu Məxfilik Siyasətini (“Siyasət” və ya “Məxfilik Siyasəti”) hazırlamış və Sizə təqdim etmişik ki, hansı məlumatların, nə zaman toplandığını, necə və hansı məqsədlərlə istifadə olunduğunu, kimlərə açıqlana biləcəyini və necə qorunduğunu tam şəkildə anlayasınız. Bu Siyasətdə, həmçinin, fərdi məlumatların subyekti kimi Sizin hüquqlarınız və onların necə həyata keçirilə biləcəyi barədə də məlumat verilir.

Bu Siyasət ümumi qaydaları və izahatları özündə ehtiva edir və TCA tərəfindən və ya onun adından təqdim edilən konkret fəaliyyətlərə (məsələn, nəqliyyat vasitəsinin və ya ehtiyat hissələrinin alınması, xidmətlərin göstərilməsi və s.) dair ayrı-ayrı məxfilik bildirişləri ilə tamamlanır. Belə fəaliyyətlər çərçivəsində fərdi məlumatlar tələb olunduqda, həmin əlavə məxfilik bildirişləri ayrıca şəkildə Sizə təqdim olunacaq.

Vebsaytdan istifadə etməzdən və ya daxil olmamışdan əvvəl bu Məxfilik Siyasətini diqqətlə oxumağınızı xahiş edirik. Vebsaytımızda üçüncü şəxslərə məxsus internet səhifələrinə və xidmətlərə keçidlər ola bilər. Nəzərə alın ki, Siz Vebsaytdan digər səhifəyə keçid etdikdə və ya üçüncü tərəfdən xidmət istədikdə, artıq bu Məxfilik Siyasəti tətbiq olunmur və həmin üçüncü şəxsin məxfilik siyasəti qüvvəyə minir.

Əgər bu Siyasətin hər hansı hissəsi ilə bağlı Sizə aydın olmayan məqamlar varsa və ya əlavə məlumat almaq istəyirsinizsə, aşağıda təqdim edilmiş əlaqə vasitələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Bu Siyasətdə təqdim olunan termin və anlayışların daha asan başa düşülməsi üçün aşağıda müvafiq hüquqi terminlərin izah və tərifləri verilmişdir:

Hüquqi Termin

Tərifi / İzahı

Fərdi məlumatlar

fiziki şəxsin (“fərdi məlumatların subyekti”) şəxsiyyətini birbaşa və ya dolayı yolla müəyyən etməyə imkan verən hər hansı məlumat.

Xüsusi kateqoriyalı fərdi məlumatlar

fiziki şəxsin irqi və ya etnik mənsubiyyəti, ailə həyatı, dini etiqadı və əqidəsi, səhhəti və ya məhkumluğu ilə bağlı məlumatlar.

Fərdi məlumatların subyekti

barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, şəxsiyyəti müəyyən edilmiş və ya müəyyən edilə bilən fiziki şəxs.

Fərdi məlumatların işlənilməsi (emalı)

fərdi məlumatlar üzərində aparılan istənilən əməliyyat: yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi və s.

Fərdi məlumatların mülkiyyətçisi

fərdi məlumatların informasiya sistemi və ya ehtiyatı üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada tam sahiblik, istifadə və sərəncamvermə hüququnu həyata keçirən, emal məqsədini müəyyən edən dövlət orqanı, yerli özünüidarəetmə orqanı, hüquqi və ya fiziki şəxs.

Fərdi məlumatların birgə mülkiyyətçiləri

fərdi məlumatların işlənilməsinin məqsədini və vasitələrini birgə müəyyən edən və məlumatları bilavasitə və ya operator vasitəsilə emal edən iki və ya daha çox mülkiyyətçi.

Fərdi məlumatların operatoru

Fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən mülkiyyətçi və ya onun bu funksiyaları müəyyən şərtlərlə həvalə etdiyi dövlət orqanı, yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs.

Fərdi məlumatların istifadəçisi

mülkiyyətçi tərəfindən müəyyən edilmiş qaydada və həcmdə, yalnız öz səlahiyyətləri daxilində və yalnız öz ehtiyacları üçün fərdi məlumatlardan istifadə etmək hüququ verilmiş dövlət orqanı, yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti istisna olmaqla).

Razılıq

Fərdi məlumatların subyekti tərəfindən sərbəst verilmiş, konkret, məlumatlı və aydın iradə ifadəsi olub, bu razılıq yazılı bəyanat və ya açıq təsdiqləyici hərəkətlə şəxsi məlumatların işlənməsinə razılığını ifadə edir.

Onlayn identifikatorlar

subyektə məxsus qurğular, tətbiqlər, alətlər və protokollar vasitəsilə təqdim edilən IP ünvanlar, kuki identifikatorları və ya radio tezlik identifikatorları kimi digər göstəricilər. Bu identifikatorlar, xüsusilə digər unikal məlumatlarla birləşdirildikdə, fiziki şəxslərin profillərini yaratmaq və onları tanımaq üçün istifadə edilə bilər.

Profaylinq

fiziki şəxsə dair şəxsi cəhətləri qiymətləndirmək məqsədilə fərdi məlumatların avtomatlaşdırılmış şəkildə işlənməsi (məsələn, iş fəaliyyəti, iqtisadi vəziyyəti, sağlamlıq durumu, maraqları, davranışı, yeri və hərəkətləri ilə bağlı təhlil və ya proqnozlaşdırma).

Aktiv Müştəri

Son 12 (on iki) ay ərzində TCA-nın məhsulları, xidmətləri və ya platformaları ilə qarşılıqlı əlaqədə olmuş fiziki şəxs.

 

 

  1.  Biz kimik və bizimlə necə əlaqə saxlamaq olar?

Fərdi məlumatların mülkiyyətçisi “Toyota Caucasus” MMC-dir. Şirkət Gürcüstan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxsdir. Şirkətin baş ofisi Gürcüstan Respublikasının Tbilisi şəhəri, Qldani rayonu, Elefter Andronikaşvili küçəsi, N 31B ünvanında yerləşir və 236089273 identifikasiya nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Əgər bu Məxfilik Siyasəti, o cümlədən fərdi məlumatların subyekti kimi hüquqlarınız barədə sualınız varsa və ya bu Siyasətdə nəzərdə tutulmuş hüquqlarınızdan hər hansı birini həyata keçirmək istəyirsinizsə, bizimlə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz:

 

  1. Səlahiyyətli satıcılar

TCA, Azərbaycan Respublikasında Toyota/Lexus markalı nəqliyyat vasitələrinin rəsmi distribyutoru kimi çıxış edir və aşağıda qeyd olunan səlahiyyətli satıcılarla (“Rəsmi Diler”) əməkdaşlıq edir:

  • Toyota Bakı Mərkəzi MMC (VÖEN: 2000568681), Ünvan: Fəzail Bayramov küç., 26, Bakı, Azərbaycan, Telefon: (+994 12) 496 70 10 / 496 10 11; e-mail ünvanı: info@toyotabaku.az;

 

  • Toyota Abşeron Center MMC (VÖEN: 3101648411), Ünvan: Bakı-Sumqayit şossesi 6-cı km, Bakı, Azərbaycan, Telefon: (+994 12) 349 00 60 / *0110; e-mail ünvanı: info@toyota-absheron.az;                                                                                                                                                                  
  • Toyota Gəncə Mərkəzi MMC (VÖEN: 1701495311), Ünvan: Gəncə-Şəmkir şosesi 1-ci km, Gəncə, Azərbaycan, Telefon: (+994 22) 259 25 25; e-mail ünvanı:  info@toyotaganja.az;            

            

  • Lexus Bakı MMC (VÖEN: 2001829141), Ünvan: Azərbaycan, Bakı, Xətai rayonu,  Fəzail Bayramov küçəsi 33A, Telefon: (+994 12) +994 12 490 50 50; e-mail ünvanı: info@lexusbaku.az;

Əgər Siz nəqliyyat vasitəsi və ya digər məhsulu Rəsmi Dilerlərimizdən biri vasitəsilə əldə edirsinizsə və bu əməliyyat çərçivəsində onlara fərdi məlumatlarınızı təqdim edirsinizsə, həmin Rəsmi Diler və biz fərdi məlumatların birgə mülkiyyətçiləri qismində çıxış edə bilərik.

Rəsmi Dilerin Sizin fərdi məlumatlarınızı toplaması və ya istifadə etməsi ilə bağlı sualınız və ya müraciətiniz olarsa, birbaşa olaraq həmin Rəsmi Dilerlə əlaqə saxlamanızı tövsiyə edirik, çünki onlar öz məlumat emalı fəaliyyətlərinə görə əsas məsuliyyət daşıyırlar.

Bununla yanaşı, TCA tərəfindən həyata keçirilən məlumat emalı və ya birgə məsuliyyətlərimiz ilə bağlı hər hansı sorğunuz olduqda, zəhmət olmasa, bu Siyasətdə göstərilən əlaqə vasitələrindən istifadə edərək bizimlə əlaqə saxlayın.

  1. Topladığımız fərdi məlumatlar və onları nə zaman toplayırıq?

Sizin Vebsaytımızla qarşılıqlı əlaqənizdən və hansı xidmətlərdən istifadə etməyi seçdiyinizdən asılı olaraq aşağıdakı fərdi məlumatlarınız toplanıla bilər:

  1. Sizin tərəfinizdən birbaşa təqdim edilən fərdi məlumatların kateqoriyaları:

Siz Vebsaytımız və ya digər onlayn platformalar (məsələn, Facebook) vasitəsilə bizimlə qarşılıqlı əlaqəyə girdikdə, aşağıdakı fərdi məlumat kateqoriyalarınız toplanıla bilər:

  • Ad və soyad;
  • Əlaqə məlumatları (e-poçt ünvanı, telefon nömrəsi, ünvan);
  • Avtomobilinizə dair məlumat (məsələn, şassi/VİN nömrəsi, dövlət qeydiyyat nömrəsi);
  • Rəsmi Diler tərəfindən Sizə göstərilən xidmətlər;
  • İstifadəçi hesabı parolu və giriş məlumatları, hesab ID-si;
  • Vebsaytla qarşılıqlı əlaqəniz (onlayn və ya telefon sorğuları, şikayətlər və s.).

 

  1. Vebsayt və xidmətlərimizlə qarşılıqlı əlaqə zamanı avtomatik qaydada toplanıla bilən fərdi məlumatlar: 

Onlayn identifikatorlar və digər məlumatlar, o cümlədən:

  • İP ünvanı – Vebsaytımıza daxil olduqda, cihazınıza təyin olunmuş İP ünvanı avtomatik olaraq qeydə alına bilər. İP ünvanı — kompüterin, kompüter qrupunun və ya internetə qoşulmuş digər cihazın (məsələn, mobil telefon və ya planşet) internetə çıxışını təmin edən unikal rəqəmlər toplusudur;
  • Cihaz haqqında məlumat – cihaz növü, əməliyyat sistemi, proqram təminatının versiyaları, konfiqurasiya ayarları, internet bağlantısı məlumatları və digər texniki göstəricilər, o cümlədən yerləşmə (lokasiya) məlumatı;
  • Vebsaytdan istifadə və baxış tarixçəsi – Sizin ziyarət etdiyiniz vaxt və tarix, baxdığınız səhifələr, keçid etdiyiniz vebsayt (əgər varsa) və istifadə etdiyiniz internet brauzerin versiyası qeydə alına bilər;
  • Kuki faylları haqqında məlumat – Ətraflı məlumat üçün xahiş edirik, Kukilər Siyasətimizə baxın. (Cookie (kuki) fayllarla bağlı siyasətimiz  ).

 

  1. Üçüncü şəxslərdən əldə oluna biləcək məlumatlar:

 

  • Sosial media – Facebook və digər sosial şəbəkə və mesajlaşma xidmətlərinin məxfilik siyasətlərinə və şəxsi ayarlarınıza uyğun olaraq, Sizdən həmin hesablar və ya xidmətlər üzərindən müəyyən məlumatlara çıxış icazəsi verməyiniz tələb oluna bilər. Bu məlumatlara ictimai profil məlumatları, hesab identifikatorunuz və paylaşmağa razı olduğunuz digər məlumatlar daxil ola bilər.

 

  • Rəsmi Dilerlər – Əgər Siz nəqliyyat vasitəsi və ya digər məhsulu Rəsmi Dilerlərimizdən alırsınızsa və ya onlardan texniki xidmət və ya təmir xidməti alırsınızsa, Rəsmi Diler müəyyən fərdi məlumatlarınızı bizimlə bölüşə bilər. Bu məlumatlara şəxsiyyətinizə dair identifikasiya məlumatları, əlaqə məlumatlarınız, eləcə də alınmış məhsul və ya göstərilmiş xidmətlə bağlı məlumatlar daxil ola bilər. Fərdi məlumatlarınız bizə ötürülməzdən əvvəl Rəsmi Diler tərəfindən Siz əvvəlcədən məlumatlandırılacaq və ötürmənin mahiyyəti barədə izahat veriləcək, bu zaman şəffaflıq və Qanuna uyğunluq təmin ediləcəkdir.

 

  • Sığorta şirkətləri – Əgər Siz Toyota/Lexus Casco sığorta məhsullarını sığorta şirkətindən alırsınızsa, həmin sığorta şirkəti müəyyən fərdi məlumatlarınızı bizimlə paylaşa bilər. Bu məlumatlara identifikasiya məlumatları, əlaqə məlumatları və alınmış sığorta xidmətinə dair, o cümlədən sığorta müqaviləsinə aid olan məlumatlar daxildir. Fərdi məlumatlar bizə ötürülməzdən əvvəl, sığorta şirkəti Sizi əvvəlcədən məlumatlandıracaq və ötürülən məlumatların mahiyyəti barədə izahat təqdim olunacaq, şəffaflıq və Qanuna uyğunluq təmin ediləcəkdir.

 

  1. Məqsədli şəkildə toplamadığımız məlumatlar

 

  • Uşaqlara aid fərdi məlumatlar – TCA uşaqlardan məqsədli şəkildə fərdi məlumat tələb etmir və onlara belə sorğular göndərmir. Bu Vebsayta bütün yaş qruplarından olan şəxslər daxil ola bilsə də, biz 18 yaşına çatmamış şəxslərdən bilərəkdən fərdi məlumat toplamırıq. 18 yaşdan aşağı şəxslərin istifadəçi hesabı yaratmasına və ya hər hansı xidmətimizdən istifadə etməsinə icazə verilmir. Əgər Siz 18 yaşdan aşağısınızsa, fərdi məlumat toplanmasını nəzərdə tutan hər hansı xidmətimizdən istifadə etməyə cəhd etməyin. Əgər 18 yaşdan aşağı bir şəxs Vebsaytımızda yanlış məlumat təqdim etməklə istifadəçi hesabı yaratmışdırsa, valideynin və ya qanuni nümayəndənin müraciəti əsasında həmin hesab ləğv ediləcək və uşağa dair fərdi məlumatlar qeydiyyatlarımızdan silinəcəkdir.

 

  • Xüsusi kateqoriyalı məlumatlar - TCA Sizdən irqiniz, milli mənsubiyyətiniz, ailə vəziyyətiniz, dininiz və dini etiqadınız, sağlamlıq vəziyyətiniz, məhkumluq halınız və ya Fərdi məlumatlar haqqında Qanunda nəzərdə tutulmuş digər xüsusi kateqoriyalı məlumatları təqdim etməyinizi tələb etmir. Lakin Siz bizimlə ünsiyyət zamanı, yardım istədikdə və ya şikayət təqdim edərkən bu cür məlumatları bilərəkdən təqdim etdiyiniz halda, TCA həmin məlumatları yalnız Sizə cavab vermək, yardım göstərmək və ya şikayətinizi araşdırmaq məqsədilə emal edəcəkdir.

 

  1. TCA Sizin fərdi məlumatlarınızı nə zaman toplayır?

 

Ümumilikdə, biz Sizin fərdi məlumatlarınızı bizimlə Vebsayt üzərindən və ya digər onlayn vasitələrlə qarşılıqlı əlaqə qurduğunuz zaman toplayırıq. Bu qarşılıqlı əlaqə aşağıdakı halları əhatə edə bilər:

 

  • Vebsaytımıza daxil olmağınız;
  • İstifadəçi hesabı yaratmağınız;
  • Xəbər bülletenlərinə və/və ya marketinq məlumatlarına abunə olmağınız, bu bülletenlər və marketinq məlumatları ilə qarşılıqlı əlaqəniz;
  • Test-sürüş üçün müraciət etməyiniz;
  • Texniki xidmət və/və ya təmir xidmətləri üçün müraciət etməyiniz;
  • Avtomobilinizin zəmanət statusu ilə bağlı məlumat əldə etməyiniz (Toyota 10 / Lexus 10 proqramı çərçivəsində);
  • Avtomobil üçün İstifadəçi Təlimatı (Owner’s Manual) tələb etməyiniz;
  • Vebsaytda avtomobiliniz üçün hər hansı “xüsusi xidmət kampaniyası”nın mövcud olub-olmadığını yoxlamağınız;
  • Telefon, e-poçt və ya Vebsaytımızın “Bizimlə əlaqə” bölməsi vasitəsilə bizimlə əlaqə saxlamanız;
  • Rəsmi Diler ilə əlaqə qurmaq üçün müraciət etməyiniz;
  • Araşdırma məqsədilə göndərdiyimiz sorğuları doldurmağınız (iştirak tamamilə könüllüdür);
  • Toyota/Lexus markalı avtomobilləri Rəsmi Dilerlərimizdən satın almanız və ya onlardan xidmətlər almanız;
  • Toyota/Lexus Casco sığorta xidmətlərini sığorta şirkətlərindən satın almanız.

 

  1. Fərdi məlumatların işlənməsi üzrə əsas prinsiplər

Şirkət gündəlik fəaliyyəti çərçivəsində Fərdi məlumatlar haqqında Qanuna əsasən aşağıdakı prinsiplərə ciddi şəkildə riayət edir. Sizin fərdi məlumatlarınız aşağıdakı prinsiplərə əsəsən işlərilir:

  • qanunauyğunluq, ədalətlilik və şəffaflıq — fərdi məlumatların subyekti ilə bağlı qanuni, ədalətli və şəffaf qaydada emal olunur;
  • məqsədyönlülük — məlumatlar konkret, açıq və qanuni məqsədlər üçün toplanır və bu ilkin məqsədlərlə uyğun olmayan şəkildə sonradan emal edilmir;
  • məhdudlaşdırma və müvafiqlik — məlumatlar emal məqsədlərinə uyğun olaraq adekvat, əlaqəli və zəruri həcmdə toplanır;
  • dəqiqlik — məlumatlar dəqiqdir və zərurət yarandıqda yenilənir;
  • saxlanma müddətinin məhdudluğu — fərdi məlumatlar yalnız emal məqsədləri üçün zəruri olan müddət ərzində saxlanılır. Məlumatlar yalnız ictimai maraqlar naminə arxivləşdirmə, elmi və ya tarixi tədqiqatlar, yaxud statistik məqsədlərlə daha uzun müddət ərzində saxlanıla bilər;
  • təhlükəsizlik və məxfiliyin təmin olunması — fərdi məlumatlar səlahiyyətsiz və ya qanunsuz emalın, həmçinin təsadüfi itki, məhv və ya zədələnmənin qarşısını alan müvafiq texniki və təşkilati tədbirlər tətbiq olunmaqla emal olunur;
  • insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması — fərdi məlumatlar Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əsas hüquq və azadlıqlara, o cümlədən şəxsi həyatın toxunulmazlığı və şəxsin toxunulmazlığı prinsiplərinə uyğun şəkildə emal olunur.

 

  1. Fərdi məlumatların işlənməsi məqsədləri

Sizin fərdi məlumatlarınız yalnız əvvəlcədən müəyyən edilmiş, açıq şəkildə ifadə olunmuş və qanuni məqsədlərlə emal edilir və həmin məqsədlərlə uyğun olmayan şəkildə sonrakı emala məruz qalmır.

Vebsaytımız və/və ya digər onlayn platformalar (məsələn, Facebook) vasitəsilə əldə etdiyimiz fərdi məlumatlarınız aşağıdakı əsas məqsədlərlə emal olunur:

  • Sizin müraciətinizin icrası – məsələn, texniki dəstəyin göstərilməsi, test-sürüşün təşkili, texniki xidmət və/və ya təmir üçün qeydiyyatın aparılması, suallarınıza cavab verilməsi, nəqliyyat vasitənizin zəmanət statusunun (Toyota 10 / Lexus 10) yoxlanılması, avtomobilinizə dair “xüsusi xidmət kampaniyası” olub-olmamasının araşdırılması, istifadəçi təlimatının təqdim edilməsi və sair.
  • Sorğuların keçirilməsi – Sizə araşdırma məqsədilə göndərdiyimiz sorğuların aparılması (iştirak tamamilə könüllüdür).
  • Razılığınız əsasında – Sizə xəbər bülletenlərinin və/və ya marketinq məlumatlarının göndərilməsi, yeni nəqliyyat vasitələrinin təqdimat tədbirlərinə dəvət edilməsi və s.
  • Toyota / Lexus Casco sığorta məhsulları ilə bağlı maraqlarınıza və istifadə vərdişlərinizə uyğun potensial imkanların formalaşdırılması və bu məhsulların təkmilləşdirilməsi məqsədilə analitik təhlillərin aparılması – məsələn, məlumatlar əsasında məhsul təkliflərinin təkmilləşdirilməsi və xidmətlərin optimallaşdırılması.
  • Rəsmi Dilerin fəaliyyətinin monitorinqi – məsələn, müştəri təcrübəsinin və məmnunluğunun qiymətləndirilməsi, Rəsmi Dilerin Sizin sorğunuza uyğun xidməti göstərib-göstərmədiyinin yoxlanılması və s.
  • Vebsaytdan istifadənizin təkmilləşdirilməsi, məhsul və xidmətlərimizin ümumi səviyyədə yaxşılaşdırılması, xidmət və tətbiqlərin, eləcə də marketinq kommunikasiya vasitələrinin və tədbirlərinin təkmilləşdirilməsi.

Əgər Siz Rəsmi Dilerimizdən nəqliyyat vasitəsi alırsınızsa, onlardan texniki xidmət və/və ya təmir xidməti alırsınızsa və/və ya Toyota/Lexus Casco sığorta məhsulunu əldə edirsinizsə, həmin hallarda Sizin fərdi məlumatlarınızın emalı məqsədi barədə konkret və detallı məlumat müvafiq məxfilik bildirişində təqdim ediləcəkdir.

  1. Fərdi məlumatların işlənməsi üçün hüquqi əsaslar

Vebsaytımız və/və ya digər onlayn platformalar (məsələn, Facebook) vasitəsilə əldə edilmiş fərdi məlumatlarınız aşağıdakı hüquqi əsaslarla emal oluna bilər:

  • Sizin açıq razılığınız olduqda – məsələn, xəbər bülletenlərinə və/və ya marketinq materiallarına abunə olduqda. Qeyd edək ki, Siz istənilən vaxt əvvəl verdiyiniz razılığı geri götürmək hüququna maliksiniz;
  • Sizin müraciətinizin icrası üçün zəruri olduqda – məsələn, test-sürüşün təşkili və ya texniki xidmətlərə qeydiyyat üçün;
  • Qanunla nəzərdə tutulduqda və ya TCA-nın qanunvericiliklə müəyyən edilmiş funksiyalarını yerinə yetirməsi üçün zəruri olduqda – məsələn, yoxlama zamanı nəzarət orqanlarına tələb olunan məlumatların təqdim olunması;
  • TCA tərəfindən hüquqi maraqların təmin olunması məqsədilə və bu maraqlar Sizin məxfiliyə dair hüquqlarınızı üstələmədikdə, xüsusilə aşağıdakı hallarda:
    1. Müştəri təcrübəsinin təkmilləşdirilməsi – Müştəri məmnunluğunun dərəcəsinin başa düşülməsi TCA-ya məhsul və xidmətlərin, vebsaytın funksionallığının və dəstək mexanizmlərinin daha effektiv şəkildə təkmilləşdirilməsinə kömək edir;
    2. Rəqabət üstünlüyünün əldə olunması – Müştəri gözləntiləri və üstünlüklərinin dərk olunması, TCA-nın təkliflərini rəqiblərlə müqayisədə daha məqsədyönlü şəkildə formalaşdırmasına və məhsul/xidmət keyfiyyətini artırmasına imkan verir;
    3. Brend reputasiyasının və müştəri etimadının möhkəmləndirilməsi – Müştəri təcrübəsinin fəal şəkildə idarə olunması TCA-nın brend dəyərini qorumağa, müştəri sədaqətini artırmağa və etimadı gücləndirməyə xidmət edir;
    4. Müştəri ehtiyaclarının başa düşülməsi – Vebsaytımızda Sizin maraq göstərdiyiniz xidmətlər əsasında formalaşan potensial müştəri məlumatları bizə Sizin ehtiyaclarınıza uyğun xidmətlər təklif etməyə şərait yaradır;
    5. Rəsmi Dilerin fəaliyyətinin və xidmət keyfiyyətinin monitorinqi – Rəsmi Dilerin müştəriyə təqdim etməli olduğu xidmətləri faktiki şəkildə göstərib-göstərmədiyinin qiymətləndirilməsi brend bütövlüyünün qorunmasına və müştəri məmnuniyyətinin təmin edilməsinə xidmət edir.
  • Fərdi məlumatlarınızı nə qədər müddət saxlayırıq?

Fərdi məlumatlarınız Fərdi məlumatlar haqqında Qanunun müddəalarına uyğun şəkildə saxlanılır. Aktiv Müştərilər halında, məlumatlar onların aktivliyi dövründə, müştərinin artıq aktiv hesab edilmədiyi vaxtdan etibarən isə əlavə maksimum 10 (on) il müddətində saxlanıla bilər.

Fərdi məlumatların konkret olaraq nə qədər müddət ərzində sistem və bazalarımızda saxlanılacağı barədə əlavə məlumat almaq istəsəniz, bu Siyasətdə göstərilən əlaqə vasitələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

  1. Kukilərdən və oxşar texnologiyalardan istifadə

Vebsaytımızda kuki fayllarından (cookies) istifadə edirik. Bu Vebsaytdan istifadə edərkən Sizə daha yaxşı istifadə təcrübəsi təqdim etməyə, həmçinin saytımızın təkmilləşdirilməsinə imkan yaradır.

Kuki fayllarından istifadə qaydaları və onlardan necə imtina edə biləcəyiniz barədə ətraflı məlumat almaq üçün xahiş edirik, Kukilər Siyasəti səhifəmizlə tanış olun. (Cookie (kuki) fayllarla bağlı siyasətimiz ).

  1. Fərdi məlumatların məxfiliyi və təhlükəsizliyi

Şirkət fərdi məlumatların təhlükəsizliyini təmin etməyə sadiqdir və bu məlumatların itirilməsi, sui-istifadə olunması, icazəsiz dəyişdirilməsi və ya digər icazəsiz emal formalarından qorunması üçün müvafiq tədbirlər həyata keçirir. TCA tərəfindən fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə həm texniki, həm də təşkilati tədbirlər və prosedurlar tətbiq edilmişdir. Bu tədbirlər, o cümlədən aşağıdakılardır:

  • Məxfilik öhdəliyi – TCA adından fərdi məlumatları emal edən əməkdaşlar ciddi məxfilik öhdəliyi daşıyır və onlara mütəmadi olaraq məlumatların məxfiliyinin qorunması ilə bağlı məsuliyyətləri xatırladılır.
  • Giriş hüquqları – Fərdi məlumatlara giriş yalnız “bilməli olan” prinsipi əsasında verilir. Əməkdaşlara bu məlumatlara yalnız əmək müqaviləsində göstərilmiş vəzifə funksiyalarını yerinə yetirmək məqsədilə giriş hüququ verilir.
  • İntizam tədbirləri – Əməkdaşlar fərdi məlumatlardan yalnız bu Siyasətə uyğun şəkildə və xidməti məqsədlərlə istifadə etməlidirlər. Bu Siyasətin pozulması intizam məsuliyyətinə, o cümlədən zərurət yarandıqda əmək müqaviləsinə xitam verilməsinə səbəb ola bilər.
  • Əməkdaşların maarifləndirilməsi və təlimi – Fərdi məlumatların emalında iştirak edən əməkdaşların məlumatlılığını və hüquqi tələblərdən xəbərdar olmasını təmin etmək məqsədilə təlimlər və seminarlar keçirilir.
  • Üçüncü şəxslərlə əməkdaşlıq – Fərdi məlumatların emalı məqsədilə üçüncü şəxslərlə əməkdaşlıq edildikdə, TCA bu tərəfdaşları yüksək texniki və təşkilati təhlükəsizlik standartlarına malik olanlardan seçir. Bundan əlavə, həmin tərəfdaşlarla fərdi məlumatların emalına dair müqavilələr bağlanır və onların qanuni və müqavilə öhdəliklərinə əməl etməsi təmin olunur.
  • Şəffaflıq – TCA məlumat subyektlərini öz fərdi məlumatlarının emalı fəaliyyəti və hüquqları barədə hər zaman lazımi qaydada məlumatlandırır. Şirkət tərəfindən müəyyən edilmiş prosedurlar fərdi məlumat subyektlərinin qanunvericiliyə uyğun şəkildə bu hüquqlarından asanlıqla istifadə etməsini təmin edir.
  • Texniki müdafiə vasitələri – Fərdi məlumatların təhlükəsizliyi məqsədilə müxtəlif texniki tədbirlər, o cümlədən məlumatların şifrələnməsi, server və İT sistemlərinin mütəmadi monitorinqi və mümkün zəifliklərə qarşı nəzarət tədbirləri həyata keçirilir.
  • Audit və uyğunluğun yoxlanılması – Daxili auditlər vasitəsilə fərdi məlumatların qorunması siyasətinə və qanunvericiliyə uyğunluq qiymətləndirilir və inkişaf üçün sahələr müəyyən edilir. Bu auditlərin nəticələri şirkətin məlumatların qorunması üzrə tədbirlərinin təkmilləşdirilməsinə və daxili hesabatlılığın gücləndirilməsinə xidmət edir.
  • Fərdi məlumatlarınız kimlərə açıqlana bilər?

TCA tərəfindən toplanan və emal olunan fərdi məlumatlar bu Siyasətdə göstərilən məqsədlər çərçivəsində TCA-nın biznes tərəfdaşlarına, Rəsmi Dilerlərinə, təchizatçılarına, TCA-nın xidmət aldığı və ya əməkdaşlıq etdiyi üçüncü şəxslərə, habelə Azərbaycan Respublikasında və ya xaricdə yerləşən, qanunla səlahiyyətləndirilmiş dövlət orqanlarına və fiziki şəxslərə açıqlana bilər. Məsələn, hər hansı bir mübahisə və ya inzibati araşdırma halında, müvafiq hallarda, üçüncü şəxsə aid fərdi məlumatlar məhkəməyə və ya inzibati orqana təqdim oluna bilər; müştəri məmnuniyyəti sorğusunun keçirilməsi məqsədilə, bu prosesdə bizə dəstək göstərən xidmət təminatçısına fərdi məlumatlarınız təqdim edilə bilər; TCA tərəfindən və ya onun adından xidmət göstərən digər şirkətlərə (məsələn, İT sahəsində ixtisaslaşmış xarici xidmət təminatçılarına) fərdi məlumatlarınız müvafiq xidmətlərin göstərilməsi məqsədilə təqdim edilə bilər.

Bütün tərəfdaşlarımız fərdi məlumatlarınızın məxfiliyini qorumaq və bu məlumatları mühafizə etmək öhdəliyi götürmüşdür. Biz bu tərəfdaşlarla həmişə yazılı müqavilələr və fərdi məlumatların emalı üzrə sazişlər bağlayırıq ki, bu da onların Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi standartlarına əməl etməsini və fərdi məlumatların mühafizəsi üçün müvafiq texniki və təşkilati tədbirlərin tətbiqini təmin edir. Qeyd edirik ki, biz Sizin fərdi məlumatlarınızı heç bir halda üçüncü şəxslərə satmırıq və gələcəkdə də satmayacağıq.

  1. Fərdi məlumatların transsərhəd ötürülməsi

Biz beynəlxalq miqyasda fəaliyyət göstərən bir şirkət olduğumuz üçün, fərdi məlumatlarınız Azərbaycan Respublikasının hüdudlarından kənarda emal oluna və ya ötürülə bilər. Bununla belə, qeyd edirik ki, Toyota Qrupu şirkətləri, o cümlədən Avropa İttifaqı daxilində yerləşən qurumlar beynəlxalq səviyyədə fəaliyyət göstərirlər və qrup daxilindəki bütün şirkətlər fərdi məlumatların Ümumi Məlumatların Qorunması Qaydalarına (GDPR) tam uyğun şəkildə, qrup üzrə vahid məlumat emalı standartlarına əsaslanaraq, adekvat hüquqi, təşkilati, texniki və təhlükəsizlik tədbirləri tətbiq etməklə emal edilməsini təmin edirlər. Bu Siyasət çərçivəsində toplanan fərdi məlumatlarınızın Fərdi məlumatlar haqqında Qanunun  GDPR-ın tələblərinə tam uyğun şəkildə emal ediləcəyinə zəmanət veririk.

Müştəri məmnuniyyəti sorğusunun keçirilməsi məqsədilə, fərdi məlumatlarınız Toyota Motor Europe NV/SA şirkətinə ötürüləcəkdir. Həmin şirkət Belçika qanunvericiliyinə əsasən təsis edilmiş və hüquqi ünvanı Avenue du Bourget / Bourgetlaan 60, 1140 Brüssel, Belçika olan hüquqi şəxsdir. Qeyd edək ki, Azərbaycan Respublikasında “ağ siyahı ölkələr” üzrə rəsmi reyestr mövcud olmasa da, Belçika ərazisində GDPR tətbiq olunur və bu çərçivədə fərdi məlumatların qorunması yüksək səviyyədə təmin edilir. Şirkətin Belçika qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınması və GDPR tələblərinə ciddi şəkildə riayət etməsi nəzərə alınaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti bu məlumatların emalı çərçivəsini Azərbaycan qanunvericiliyinə uyğun olaraq adekvat təminatın mövcudluğu kimi tanıyır.

Əgər əsaslandırılmış və ya zəruri hesab olunarsa, fərdi məlumatlarınız GDPR tətbiq olunmayan ölkələrdə yerləşən və ya serverləri həmin ölkələrdə yerləşən biznes tərəfdaşlarımıza və ya xidmət təminatçılarımıza da ötürülə bilər. Lakin qeyd edirik ki, belə hallar zamanı məlumatların ötürülməsi hər zaman Fərdi məlumatlar haqqında Qanunun müddəalarına uyğun həyata keçiriləcək və zərurət yarandıqda, ya Sizin əvvəlcədən razılığınız alınacaq, ya da Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətindən müvafiq icazə əldə ediləcəkdir.

  1. Sosial şəbəkələrdən istifadə

Əgər Siz TCA-nın aləti (Vebsayt, portal və s.) üzərindən sosial şəbəkə hesabınızla (məsələn, Facebook hesabınızla) giriş edirsinizsə, TCA həmin sosial şəbəkədə mövcud olan şəxsi məlumatlarınızı qeydə alacaq və bu sosial şəbəkədən istifadə etməyiniz, TCA tərəfindən bu alət vasitəsilə qeydə alınan fərdi məlumatların ötürülməsinə açıq şəkildə razılıq verdiyiniz anlamına gəlir.

 

TCA zaman-zaman Twitter və Facebook kimi sosial şəbəkələr vasitəsilə məlumatların dərc olunmasını asanlaşdırır. Bu sosial şəbəkələrin özlərinə məxsus istifadə qaydaları mövcuddur və sosial şəbəkələrdə aktiv olduqda Siz bu qaydaları nəzərə almalısınız. Xatırladırıq ki, sosial şəbəkələrdə paylaşımın müəyyən nəticələri ola bilər, bu nəticələrə məxfilik hüququnuz və ya paylaşdığınız digər şəxslərin fərdi məlumatlarının məxfiliyi də daxil ola bilər. Məsələn, paylaşımın qısa müddətdə silinməsinin mümkünsüzlüyü kimi hallarla qarşılaşa bilərsiniz. Sosial şəbəkələrdə etdiyiniz paylaşımlara görə tam məsuliyyət daşıyırsınız. Bu baxımdan TCA-nın hər hansı məsuliyyəti və öhdəliyi yoxdur.

  1. Fərdi məlumatların subyekti olaraq sizin hüquqlarınız hansılardır?

Azerbaycan qanunvericiliyinə əsasən, fərdi məlumat subyekti olaraq Sizin aşağıdakı hüquqlarınız mövcuddur:

  • Məlumatların işlənməsi barədə məlumat almaq hüququ – məlumatlarınızın işlənib-işlənmədiyini təsdiqləməyi tələb etmək; bu məlumatların işlənməsi üçün əsaslar və məqsədlər, məlumatların toplanma mənbəyi, saxlanma müddəti və ya bu müddətin müəyyən edilməsi meyarları, məlumatların kimlərə və hansı əsaslarla ötürüldüyü, məlumatların hansı məqsədlə ötürüldüyü barədə ətraflı və əsaslı məlumat tələb etmək hüququ;
  • Məlumatlara çıxış və surətini əldə etmək hüququ – fərdi məlumatlarınıza çıxış əldə etmək və bu məlumatların surətini ödənişsiz almaq hüququna maliksiniz. Lakin qanunvericiliklə və ya TCA tərəfindən müəyyən edilən hallarda, məlumatların saxlanma daşıyıcısından başqa formatda təqdim edilməsi üçün lazım olan resurslara görə, yaxud sorğuların tez-tez təkrarlanması səbəbilə, əsaslandırılmış olduqda ödəniş tətbiq edilə bilər;
  • Məlumatların düzəldilməsi, yenilənməsi və tamamlanması hüququ – yanlış, qeyri-dəqiq və ya natamam fərdi məlumatların düzəldilməsini, yenilənməsini və ya tamamlanmasını tələb etmək hüququ;
  • Məlumatların işlənməsinin dayandırılması, silinməsi və ya məhv edilməsi hüququ – fərdi məlumatlarınızın işlənməsinin dayandırılmasını, silinməsini və ya məhv edilməsini tələb etmək hüququ (yalnız Fərdi məlumatlar haqqında Qanunla müəyyən edilən istisnalar istisna olmaqla);
  • Məlumatların bloklanması hüququ – aşağıdakı hallarda fərdi məlumatların bloklanmasını tələb etmək hüququ: a) məlumatların düzgünlüyü şübhə altına alındıqda; b) məlumatların qanunsuz işlənməsi halında, lakin silinməsinə qarşı çıxılaraq bloklanması tələb edildikdə; c) məlumatlar artıq işlənmə məqsədləri üçün lazım olmadıqda, lakin subyekt tərəfindən hüquqi iddia irəli sürmək üçün lazım olduqda; d) məlumatların işlənməsinin dayandırılması, silinməsi və ya məhv edilməsi tələb olunduqda və bu tələb hələ nəzərdən keçirilirsə; e) məlumatların sübut kimi saxlanması zəruri olduqda;
  • Məlumatların ötürülməsi hüququ – fərdi məlumatların strukturlaşdırılmış, açıq istifadəyə yararlı və maşın tərəfindən oxuna bilən formatda əldə edilməsi və ya bu məlumatların başqa fərdi məlumat mülkiyyətçisinə ötürülməsini tələb etmək hüququ. Bu hüquq, əgər (a) məlumatların işlənməsi razılığınıza əsaslanırsa və ya müqavilə öhdəliyinin icrası üçün zəruridirsə, (b) avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirilirsə və (c) texniki cəhətdən bu mümkün olarsa, tətbiq edilir;
  • Avtomatlaşdırılmış fərdi qərarların qəbulundan müdafiə hüququ – yalnız avtomatlaşdırılmış şəkildə, o cümlədən profaylinq yolu ilə qəbul edilmiş və sizin üzərinizdə hüquqi və ya bənzər dərəcədə ciddi təsir göstərən qərarların subyekti olmamaq hüququ. Bu hüquq yalnız Fərdi məlumatlar haqqında Qanunda nəzərdə tutulmuş hüquqi əsaslar mövcud olduqda məhdudlaşdırıla bilər;
  • Razılığı geri çağırmaq hüququ – fərdi məlumatlarınızın işlənməsinə dair verdiyiniz razılığı (məsələn, marketinq məlumatlarının göndərilməsi, profaylinq, məlumatların ötürülməsi və s. ilə bağlı) istənilən vaxt geri çağırmaq hüququnuz vardır. Razılıq geri çağırıldıqdan sonra belə, əgər digər qanuni əsaslar mövcuddursa, TCA məlumatların işlənməsini davam etdirə bilər;
  • İnformasiya sistemlərinin uyğunluq sertifikatları və dövlət ekspertizasının nəticələri haqqında məlumat almaq hüququ – fərdi məlumatlarınızın toplandığı informasiya sistemləri üzrə uyğunluq sertifikatlarının və dövlət ekspertizasının nəticələrinin mövcudluğu barədə məlumat almaq hüququ;
  • Şikayət vermək hüququ – əgər yuxarıda sadalanan hüquqlarınızın pozulduğunu hesab edirsinizsə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinə (ünvan: AZ1008, Bakı şəhəri, Xətai prospekti 16) müraciət edə bilərsiniz.
  • Məlumat subyekti kimi hüquqlarınızı necə həyata keçirə bilərsiniz?

Müraciətin təqdim olunması – hüquqlarınızdan istifadə etmək üçün bu Siyasətdə göstərilən əlaqə vasitələrindən istifadə edərək yazılı formada (o cümlədən elektron poçt vasitəsilə) müraciət təqdim etməlisiniz.

Müraciət edən şəxsin identifikasiyası – müraciətləri düzgün şəkildə qiymətləndirmək və idarə etmək məqsədilə, TCA məlumat subyektindən özünü maksimum dərəcədə dəqiq identifikasiya etməyi tələb edir. Əgər Şirkətin ərizəçinin şəxsiyyətinə dair əsaslı şübhələri yaranarsa, şəxsiyyəti təsdiqləmək üçün əlavə məlumat tələb edilə bilər.

Cavabın təqdim olunması – TCA müraciətə cavabı və tələb olunan məlumatları elektron formatda təqdim edəcəkdir, əgər Siz onları başqa formatda almağı xahiş etməmisinizsə və bu, qeyri-mütənasib çətinlik və ya əlavə xərc tələb etmirsə.

İmtina halında – əgər biz müraciətinizi təmin etməkdən imtina ediriksə, bu qərara səbəb olan əsaslar barədə Sizə məlumat veriləcəkdir.

  1. Avtomatlaşdırılmış qərarvermə və profaylinq

Sizə daha sürətli və fərdiləşdirilmiş xidmətlər təqdim etmək və effektiv ünsiyyət qurmaq məqsədilə, bəzi hallarda sizinlə bağlı qərarlar avtomatik olaraq, əməkdaşlarımızın müdaxiləsi olmadan verilə bilər. Avtomatlaşdırılmış qərarvermə, məsələn, Siz tələb olunan fərdi məlumatları təqdim etdikdən sonra istifadəçi hesabınızın avtomatik qeydiyyata alınması zamanı və ya fərdi məlumatlarınız əsasında profaylinq zamanı baş verə bilər.

Profaylinq ilə bağlı olaraq, bu üsuldan əsasən Sizə əvvəlki Vebsayt qarşılıqlı əlaqəniz, davranışınız, xidmətlərimizə necə və haradan daxil olmağınız əsasında fərdiləşdirilmiş reklamların təqdim olunması məqsədilə istifadə olunur. Bu üsul bizə Sizin maraqlarınıza və üstünlüklərinizə uyğun reklamlar göndərməyə imkan verir. Həmçinin, böyük ehtimalla Sizə yaşadığınız ərazidə mövcud olmayan məhsullara dair reklamlar göndərilməyəcəkdir.

Profaylinqdan imtina etmək istəyirsinizsə, marketinq kukilərindən imtina edərək və ya daha əvvəl razılıq vermisinizsə kuki ayarlarınızı yeniləyərək, yaxud birbaşa bizimlə əlaqə saxlayaraq bu istəyi bildirə bilərsiniz.

  1. Digər müddəalar

Bu Məxfilik Siyasəti sonuncu dəfə 04.07.2025 [EB4] tarixində yenilənmişdir və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir.

Bu Siyasət TCA-nın Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini rəsmi şəkildə təsdiqləyir.

Fərdi məlumatlarınızdan necə istifadə etdiyimiz barədə Sizə daimi məlumat vermək və qüvvədə olan müvafiq qanunvericiliyə, habelə məlumatların qorunması sahəsində səlahiyyətli orqanlar tərəfindən qəbul edilmiş tövsiyə və rəylərə uyğunluğumuzu təmin etmək məqsədilə, bu Məxfilik Siyasətinə vaxtaşırı dəyişikliklər edə bilərik. Əgər əhəmiyyətli dəyişikliklər edilərsə, bu barədə Sizə elektron poçt vasitəsilə bildiriş göndərəcəyik (əgər elektron poçt ünvanınız bizdə mövcuddursa). Bununla belə, Sizə bu Siyasəti vaxtaşırı Vebsaytımızda yoxlamağınızı və dəyişikliklər barədə məlumatlı olmağınızı tövsiyə edirik.